Məqalələr

Detal Səhifə

STEM nədir? Necə yarandı?

21.10.2021

Bu gün texnologiya həyatımıza əvvəlkindən daha çox daxil olmuşdur. Bəşəriyyət tarixində texnika və elmin insan həyatına bu qədər daxil olduğu başqa bir dövr yoxdur. Bu səbəbdən bu dövrdə dünyaya gələn nəsil də dünyanı böyüklərindən çox fərqli qəbul edir. Yeni nəsil adlandırdığımız “Z nəsli”nin həyatının vazkeçilməz nöqtəsində olan texnologiya, təbii olaraq, təhsilə də daxil edilmişdir. Təhsil və təhsil sistemləri texnologiyaya uyğun olaraq formalaşmağa başlayır və təhsildə fərqli perspektivlərə ehtiyac olduğu ifadə edilir. Bir çox ölkələr bunu dərk edir və təhsil sistemini günün tələblərinə uyğun təşkil edirlər. Bu minvalla STEM terminini artıq sıx sıx eşitməyə başlamışıq. Son on ildə STEM -in yaratdığı fərqli abu-havanın da şahidi oluruq, xüsusən təhsil sahəsində. Hətta bir çox qurum və əyalətlər STEM təhsilinə keçid edir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Bəs STEM nədir, necə yarandı ? Gəlin bunlara bir nəzər salaq.​

STEM termini Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox, birlikdə və əlaqəli şəkildə həyata keçirilməsi tövsiyə edilir. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəklində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər.

STEM yanaşmanın əsas ideyası budur: təcrübə nəzəri biliklər qədər vacibdir. Yəni, biz öyrənmə prosesində təkcə beynimizlə deyil, əllərimizlə də işləməliyik. Yalnız sinif divarları arasında qalan təhsil sürətlə dəyişən dünya ilə ayaqlaşa bilmir. STEM yanaşmanın əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada uşaqlar bir çox əşyanın uğurla öyrənilməsi üçün həm öz beyinlərindən, həm də əllərindən istifadə edirlər. Onlar əldə etdikləri bilikləri sərbəst şəkildə qazanırlar.
STEM yanaşma yalnız öyrənmə üsulu deyil, həm də düşüncə tərzidir. STEM təhsil mühitində uşaqlar bilik qazanır və dərhal onlardan istifadə etməyi öyrənirlər. Buna görə də onlar böyüyür və real dünyada istər ətraf mühitin çirklənməsi olsun, istər qlobal iqlim dəyişikliyi olsun, istər həyat problemləri olsun bunlarla qarşılaşır, belə çətin məsələlərin yalnız müxtəlif sahələrdən olan biliklərə əsaslanaraq və hər kəslə birlikdə çalışmaqla həll etməyin mümkün olduğunu başa düşürlər. Burada yalnız bir fənnə aid biliklərə güvənmək kifayət deyil. STEM - in adından da bilindiyi kimi burda dörd fərqli sahənin layihəəsaslı inteqrasiyalı tədrisi nəzərdə tutulur.

STEM yanaşma öyrənmə və təhsilə olan baxışımızı dəyişir. Praktiki bacarıqlara diqqət yetirərək, məktəblilər öz iradələrini, yaradıcılıq potensialını, çevikliyini inkişaf etdirir və başqaları ilə əməkdaşlıq etməyi öyrənirlər. Bu bilik və bacarıqlar tədrisin əsas hədəfini, yəni bütün təhsil sisteminin məqsədini təşkil edir.

Son zamanlarda ABŞ və Avropada həqiqi bir tendensiyaya çevrilən STEM təhsili bir çox mütəxəssis tərəfindən gələcəyin təhsili adlandırılıb. Bu gün dünyada STEM əsaslı müasir təhsil sisteminə xüsusi önəm verilir. Çünki bu sistem həqiqətən də təhsilə yeni yanaşma və keyfiyyətli nəticə gətirib.

Bu sistem, hətta, bir vaxtlar Amerika Birləşmiş Ştatlarının ciddi problemlərlə üzləşən təhsil sistemini böyük bəladan qurtarıb. Ölkədə müxtəlif sahələr üzrə mühəndis qıtlığının yarandığını görən amerikalı mütəxəssislər təhsil sistemini təhlil etdikdən sonra belə bir qənaətə gəlirlər ki, bir müddətdən sonra mövcud təhsil sistemi çökəcək və ABŞ müxtəlif sahələr üzrə mühəndislər ordusunu kənardan “idxal” edəcək. Ona görə də sabiq ABŞ Prezidenti Barak Obama 2012-ci ildə yeni təhsil proqramının hazırlanması tapşırığını verir və mütəxəssislər tərəfindən təklif olunan STEM təhsil sistemi ən müasir metod kimi tətbiq edilir.

UNESCO-nun müvafiq hesabatında, hazırda dünya miqyasında ixtisaslı mühəndis kadrların çatışmadığı və bu halın yaxın gələcəkdə də davam edəcəyi qeyd olunub. Bildirilir ki, yaxın illərdə dünyada 7 milyon STEM təhsilli mütəxəssisə ehtiyac yaranacaq. Elə bu səbəbdən də qabaqcıl ölkələrdə akademik və rəsmi qurumlar STEM əsaslı təhsilin geniş yayılmasını milli strateji hədəf kimi görür və bu əsaslı təhsil müəssisələrinin sayı sürətlə artır. Məsələn, təkcə İngiltərədə, tələbatı ödəmək üçün hər il ən az 120.000 STEM ixtisası üzrə məzun olmaq tələbi var. Bu, kifayət qədər gözəçarpan nəticədir.

Araşdırmalar göstərir ki, STEM metodu şagirdləri gələcək həyata və karyeraya, müvəffəqiyyətə hazırlamaq üçün özünəməxsus üstünlüklərə malikdir. STEM yalnız öyrənmə üsulu deyil, həm də düşüncə tərzidir. Bir sözlə, STEM əsaslı təhsil müasir təfəkkürlü mühəndislər yetişdirir.
Yazını məhşur avstriyalı yazar Piter Drukerin aşağıdakı fikri ilə yekunlaşdırmaq istəyirəm.
"Dünya artıq əməktutumlu, xammaltutumlu, enerjitutumlu deyil, biliktutumlu olmaqdadır."
References:
1) Milli Eğitim ve Müsteşarlık Bakanlığı MEB. "Türkiye’de eğitim fakültelerinde STEM çalışmaları." (2017).
2) https://www.liysf.org.uk/blog/what-is-stem-education
3) http://www.successfulstudents-stem.org.au/stem-in-schools